“Azərbaycanda aparılan islahatları yaxından izləyirik. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatları əsas etibarilə dəstəkləyirik və kadr islahatlarının tezliklə real iqtisadi dəyişikliklərə və islahatlara gətirib çıxaracağını gözləyirik”.

Bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” verilişində qonaq olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Yankauskas qeyd edib ki, islahatlara daima ehtiyac var və qaçılmazdır: “İslahatlar ölkələrimizdə və ətrafımızda olan ölkələrdə gedən proseslərə uyğunlaşmaq deməkdir. Onlar qaçılmazdır. Azərbaycan uzun müddət neft, qaz, təbii ehtiyatlara arxalanıb və bu, hələ də belədir. Lakin artıq bir neçə ildir ki, biz iqtisadiyyatın şaxələndirilməsinə çox diqqət ayrıldığını və investisiya yatırıldığını görürük: insan resurslarını önə çəkmək, cəmiyyətin iştirakını təmin etmək. Hər kəsin öz töhfəsini verməsinə ehtiyac var. Müasir cəmiyyətdə bunun başqa yolu yoxdur. Biz bu şaxələndirməni dəstəkləyirik. Bu, bir daha Şərq Tərəfdaşlığı, bizim ikitərəfli proqramlarımızda öz əksini tapır. Bizim demək olar ki, Azərbaycanın bütün qurumları ilə, təkcə qurumlarla deyil, həm də vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə proqramlarımız var.

Ən yaxşı texnologiyaların ölkəyə gətirilməsi, ən yaxşı idarəçilik təcrübəsinin tətbiq olunması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, icbari tibbi sığortanın tətbiqi, pensiya proqramları, sosial müavinət proqramları, ASAN, ABAD - mən siyahını daha da genişləndirə bilərəm - yüksək keyfiyyətli idarəçiliyi təmin etmək üçün tərəfdaşlıq edirik.

Hazırda əlavə islahatlar həyata keçirilir. Düşünürəm ki, onlar sosial islahatlarla birlikdə daha sürətli, daha dərin, daha geniş iqtisadi islahatlar üçün çox yaxşı zəmin yaradır və bu, təqdirəlayiqdir. Biz kömək etməyə hazırıq”.

Aİ nümayəndəsi hazırda yeni saziş üzərində iş getdiyini açıqlayıb: “Bu, bizə danışıqları sürətləndirməyə və tezliklə tamamlamağa imkan verəcək. İnanıram ki, bu islahatların həyata keçirilməsi ilə daha çox və daha geniş layihələr həyata keçiriləcək”.